Gündəm / Siyasət
Dünya dövlətləri Putinin "Luqansk və Donetsk Xalq Respublikaları"nı tanımasına necə reaksiya verdi?
Dünən Təhlükəsizlik Şurasının iclasından sonra Putin Donetsk və Luqans Xalq Respublikalarını rəsmən tanıdığını bəyan etdi. Elə həmin gün Rusiya prezidenti müvafiq fərmanlar imzaladı.
Bəs dünya dövlətləri buna necə reaksiya verdi?
Globalpress.az xarici mediaya istinadən dünya dövlətlərinin Putinin qərarına reaksiyasını təqdim edir:
BMT: “Biz regional və beynəlxalq nəticələrlə dolu olan bu qərardan dərin təəssüf hissi keçiririk. Həmçinin Rusiyanın Ukraynanın şərqinə hərbi personal göndərmək qərarından təəssüflənirik” – BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo bildirib.
ATƏT: “Rusiya prezidenti Vladimir Putinin DXR və LXR-in separatçı qurumlarının müstəqilliyini tanıması Minsk razılaşmalarına ziddir. ATƏT-ə üzv olan bütün dövlətlər kimi Rusiya da digər ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludur. Bugünkü qərarın yeni hərbi əməliyyatlara və qan tökülməsinə gətirib çıxarmaması son dərəcə vacibdir” – deyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı rəhbərinin münaqişənin həlli üzrə Üçtərəfli Təmas Qrupunda xüsusi nümayəndəsi Mikko Kinnunen bildirib.
Avropa Şurası: “Avropa Şurası Rusiyanı qondarma “xalq respublikaları”nın tanınması qərarını ləğv etməyə və vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır. Rusiya tərəfindən Donetsk və Luqanskdakı qondarma xalq respublikalarının tanınması beynəlxalq hüququn və Minsk razılaşmalarının birtərəfli qaydada pozulması deməkdir. Avropa Şurası Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha ifadə edir. Biz Rusiya Federasiyasını bu qərarı ləğv etməyə və vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırırıq” – deyə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç bildirib.
ABŞ: “ABŞ qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqil dövlət kimi tanınması qərarını qətiyyətlə pisləyir. Rusiyanın bu qərarı prezident Putinin beynəlxalq hüquq və normalara açıq-aşkar etinasızlığının növbəti təzahürüdür. Bu qərar Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərindən tamamilə imtina etdiyini göstərir. Bu, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq hücumdur”, – dövlət katibi Entoni Blinken deyib.
Almaniya: “Vladimir Putinin separatçı “xalq respublikalarının” müstəqilliyini tanıması beynəlxalq hüququn kobud şəkildə pozulması və siyasi həll yolunda bütün diplomatik səylərə ağır zərbədir. Rusiya Minsk razılaşmalarını yerinə yetirmək üçün üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozub. Biz Rusiyadan bu qərardan geri çəkilməsini və münaqişənin diplomatik və siyasi yolla həllini tələb edirik” – Almaniyanın xarici işlər naziri Annalena Burbok vurğulayıb.
Türkiyə: “Türkiyə Ukraynanın siyasi birliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir. Rusiyanın qərarını qəbuledilməz hesab edirik və Kremli beynəlxalq hüquqa hörmət etməyə çağırııq. Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk respublikalarını tanıması Minsk razılaşmalarının pozulması ilə yanaşı, Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün aşkar şəkildə pozulması deməkdir” – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Yaponiya: “Yaponiya hökuməti Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyini tanımaq qərarını pisləyir. Biz Rusiyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozan bu qərarını tanımırıq və qətiyyətlə pisləyirik. Rusiyanın hərəkətləri beynəlxalq hüquq normalarını pozur” – deyə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bildirib.
Latviya: “Rusiya prezidentinin Luqansk və Donetsk ərazilərinin müstəqilliyini tanıması haqda qərarı Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı hücumun davamıdır. Rusiya zorakılıq yolu ilə Ukraynanın siyasi rəhbərliyində və xarici siyasətində dəyişiklik yaratmağa çalışır. Latviya Rusiyanın hərəkətlərini qəti şəkildə pisləməklə yanaşı, beynəlxalq ictimaiyyəti Kremlin təcavüzünü dayandırmaq üçün qətiyyətli tədbirlər görməyə çağırır” – deyə ölkə rəhbərliyinin birgə bəyanatında qeyd olunur.
Hollandiya: “Separatçı ərazilərin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Biz bu hərəkəti qətiyyətlə pisləyirik və tərəfdaşlarımız olan Aİ və NATO ilə birgə sərt cavab verəcəyik” – Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra bildirib.
Çexiya: “Rusiya tərəfindən bu, beynəlxalq hüququn pozulması və qonşu dövlətə qarşı təcavüz aktıdır. Biz Avropa İttifaqı və tərəfdaşların ümumi cavabını dəstəkləyirik. Çexiya azad və müstəqil Ukraynanın tərəfdarıdır. Tariximizdən yaxşı xatırlayırıq ki, suveren qonşu dövlətlərə qarşı bu cür addımlar heç vaxt sülhə gətirib çıxarmır” – deyə Çexiyanın baş naziri Petr Fiala vurğulayıb.
Avropa Parlamenti: “İki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Aİ və tərəfdaşları Ukrayna ilə həmrəy olaraq qətiyyətlə cavab verəcəklər” – Avropa Parlamentinin sədri Roberta Mezola bildirib.
Böyük Britaniya: “Böyük Britaniya qondarma qurumun müstəqilliyinin tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir. Böyük Britaniya beynəlxalq hüququn pozulmasına və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hücuma cavab olaraq Rusiyaya yeni sanksiyalar elan edəcək. Bu hərəkətlərin ciddi iqtisadi nəticələri olacaq” – Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Vudvord deyib.
Fransa: “Biz açıq-aydın Rusiyanın beynəlxalq öhdəliklərini birtərəfli qaydada pozmasından və Ukraynanın suverenliyinə qəsd etməsindən danışırıq. Bunun üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi, eləcə də Avropa sanksiyalarının qəbulu tələb olunur” – Emmanuel Makron bildirib.
Cənubi Koreya: “Mən sizi Ukraynanın suverenliyinə hörmət etməyə çağırıram. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. Dünya ölkələri birləşməli və Ukraynadakı vəziyyətin tezliklə sülh yolu ilə həlli istiqamətində çalışmalıdır. Cənubi Koreya beynəlxalq ictimaiyyətin məsul üzvü kimi bu səylərdə fəal iştirak edəcək” – Koreya Respublikasının Prezidenti Mun Çje İn deyib.
Gürcüstan: “Gürcüstan Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini “tanımasını” qəti şəkildə pisləyir. Bu, ərazilərimizin 20 faizinin işğalına səbəb olan senarini təkrarlayır. Gürcüstan sizi, prezident Zelenskini, Ukraynanın və dünya dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir” – Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
İsveçrə: “Ukraynanın Luqansk və Donetsk vilayətlərinin müəyyən ərazilərinin Rusiya tərəfindən müstəqil dövlət kimi tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulması deməkdir. İsveçrə Rusiyanı beynəlxalq öhdəliklərinə əməl etməyə və hərəkətlərinə yenidən baxmağa çağırır” – İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Estoniya: “Rusiya Minsk razılaşmalarını parça-parça etdi. Bu onu göstərir ki, Moskvanın məqsədi münaqişəni həll etmək deyil, onu dərinləşdirməkdir. Estoniya Rusiyanın bu qərarını heç vaxt tanımayacaq. Aİ-nin cavabı çevik, effektiv və vahid olmalıdır. Bu, sanksiyalar deməkdir” – Estoniya Prezidenti Alar Karis bildirib.
Avstraliya: “Rusiya separatçı qurumun tanınmasından dərhal və qeyd-şərtsiz imtina etməlidir. Bu qərar qəbuledilməzdir və əsassızdır. Digər ölkələr elan edən kimi Avstraliya Rusiyaya qarşı sanksiyalara dərhal qoşulacaq. Rusiya Ukraynanın suveren ərazisini işğal edib” – Avstraliyanın baş naziri Skott Morrison deyib.