Gündəm / Cəmiyyət
16:50, 07 May 2025
0

FHN-in Muğan Regional Mərkəzinin komandası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş futzal çempionatının qalibi olub

FHN-in Muğan Regional Mərkəzinin komandası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş futzal çempionatının qalibi olub


Salyan rayon Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futzal çempionatı keçirilib. Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş çempionatda rayonda fəaliyyət göstərən dövlət idarə və təşkilatlarının komandaları qüvvələrini sınayıb.

Mayın 7-də çempionatın final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Çempionatın finalında Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Dövlət Nəzarəti İdarəsinin komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən final oyununda FHN-in Muğan Regional Mərkəzinin komandası qalib gələrək çempion adını qazanıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal turnirinin keçirilməsində əsas məqsədin Ümummilli Liderin Vətən və xalq qarşısında tarixi xidmətlərinin gənc nəslə aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olduğunu bildirib. O, qalibləri təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qalib komandaya kubok, medal və diplom təqdim olunub.





Digər xəbərlər: