Gündəm / Siyasət / Dünya
10:35, 15 Nisan 2025
0

Böyük Britaniya Ukraynaya hərbi dəstək verir

Böyük Britaniya  Ukraynaya  hərbi  dəstək verir



Qərbin Ukraynaya hərbi-siyasi dəstəyi yeni mərhələyə keçir. Böyük Britaniya rəsmi Kiyevə 752 milyon funt sterlinq (təxminən 991 milyon dollar) dəyərində növbəti yardım paketini təqdim edib.
Globalpress.az xəbər verir ki, bu vəsait Ukrayna ordusunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə hava hücumundan müdafiə (HHM) sistemləri, artilleriya qurğuları və ehtiyat hissələrinin alınmasına yönəldiləcək.
Bu Avropa İttifaqı ərazisində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək. Başqa sözlə, Kremlin öz vəsaitləri dolayısı ilə Ukraynaya qarşı yönəlmiş təcavüzə qarşı mübarizənin maliyyə yükünü daşıyır.


Yardım paketi Britaniyanın martın 1-də elan etdiyi, ümumi həcmi 2 milyard funt sterlinqdən artıq olan genişmiqyaslı dəstək planının bir hissəsidir. Məbləğ üç tranşla Kiyevə çatdırılır – birinci tranş martın 6-da, ikinci isə aprelin 14-də göndərilib. Üçüncü tranşın 2026-cı ildə təqdim olunması planlaşdırılır. Britaniya Xəzinədarlığı bu yanaşmanın Ukraynaya resursların planlı şəkildə idarə olunmasında və döyüş əməliyyatlarının çevik icrasında mühüm rol oynayacağını bildirir.

“Rusiyanın təcavüzünü dayandırmaq və Böyük Britaniyanın milli təhlükəsizliyini gücləndirmək üçün Ukraynaya dəstəyimizi daha da artırırıq,” – deyə müdafiə naziri Con Healey bəyan edib.

Bununla yanaşı, Aİ-nin Ukraynaya dəstəyi də davam edir. Aprelin 14-də Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə hərbi yardımın davam etdirilməsində həmrəylik nümayiş etdiriblər. Görüş çərçivəsində çıxış edən Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Baerbok Berlindən veriləcək yardımı açıqlayıb. Onun sözlərinə görə, Avropa təşəbbüsü çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 500 min artilleriya mərmisi göndəriləcək. Bu, ümumi 2 milyon patronun tədarükünü nəzərdə tutan daha geniş planın tərkib hissəsidir.

Qərbin bu addımları göstərir ki, Rusiya ilə strateji qarşıdurmada Kiyevə təkcə siyasi deyil, hərbi və iqtisadi baxımdan da uzunmüddətli dəstək təmin olunmaqda davam edir.
Digər xəbərlər: