Gündəm / Siyasət / Dünya
Britaniyada yeni baş nazir belə müəyyən olunacaq
Böyük Britaniyada yeni baş nazir 1922 Komissiyasının təqvim və metodu əsasında müəyyən olunacaq.
Böyük Britaniyada Liz Trassın baş nazir postundan istefa verməsi ilə yeni liderin seçilməsi prosesi başlayıb.
Mühafizəkarlar Partiyasının yeni liderinin necə seçiləcəyinə və liderin dəyişdirilməsinə son olaraq 1922 Komissiyası qərar verir. Komissiya şəraitə uyğun olaraq hər bir lider seçkisində təqvim və metodu müəyyən edir.
Keçmiş Baş nazir və partiya lideri Boris Consonun istefasından sonra Liz Trassın liderlik seçkisi prosesi üç ay çəkdi. Amma 1922 Komissiyası bu dəfə fərqli bir üsul təyin edərək yeni rəhbərin bir həftə ərzində seçiləcəyinə qərar verib. Bu dəfə L.Trassın yerinə gələcək namizədlərə müraciət etmələri üçün bazar ertəsi saat 14:00-a qədər vaxt verilib. Həmçinin hər bir namizədin ən azı 100 deputatın dəstəyini alması nəzərdə tutulur. Ona görə də Mühafizəkarlar Partiyasının ümumilikdə 357 deputatı olduğunu nəzərə alsaq, namizədlərin sayının üçdən çox ola bilməyəcəyi anlaşılır. Əgər göstərilən gün və saatda yalnız bir namizəd 100 deputatın dəstəyini ala bilsə, o zaman bu şəxs seçkiyə ehtiyac olmadan Baş nazir elan olunacaq.