Gündəm / Cəmiyyət
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 19.03.2022-ci il tarixində “Şərq” müstəqil ictimai-siyasi qəzetində dərc edilən məqalə ilə bağlı rəsmi açıqlamanı diqqətə çatdırır.
“Tibbi sığorta haqqında” Qanuna əsasən tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləği adlanır. Müştərək maliyyələşmə mexanizmində məbləğ Xidmətlər Zərfinə əsasən müəyyən olunur və müvafiq xidmətin göstərildiyi tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım üzrə vətəndaş tərəfindən edilən müraciət zamanı göndəriş prosesinin pozulması hallarında tətbiq olunur.
Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanuna edilən müvafiq dəyişikliyə əsasən müştərək maliyyələşmə məbləğinin toplanılması 2023-cü ilin 1 yanvar tarixinədək təxirə salınır. Beləliklə, vətəndaşlar bu dövr ərzində müvafiq göndəriş olmadıqda da icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana biləcəklər. Xatırladaq ki, daha əvvəl koronavirus pandemiyası ilə əlaqədar müvafiq olaraq 2021-ci ilin 1 yanvar və yenidən 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiqi nəzərdə tutulan müştərək maliyyələşmə məbləğinin toplanılması təxirə salınmışdı.
Müştərək maliyyələşmə məbləğinin tətbiqi həyata keçirildikdən sonra aşağıdakı hallarda tibbi xidmətlərin dəyəri ödənilməlidir:
Ambulator şəraitdə göstərilən tibbi xidmətlər üçün:
İnzibati ərazi daxilində (Məsələn, Şəki rayonu): Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə;
Tibbi ərazi bölməsi daxilində (Məsələn, Şəki-Zaqatala TƏB-də yerləşən Şəki rayonundan Qəbələ rayonuna): Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə;
Tibbi ərazi bölməsindən kənarda (Məsələn, Şəki-Zaqatala TƏB-də yerləşən Qəbələ rayonundan Bakı TƏB-ə): Vətəndaş ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığortanın tətbiq olunduğu digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə.
Stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün:
Tibbi ərazi bölməsi daxilində (Ağdam-Ağcabədi TƏB-də yerləşən Beyləqan rayonundan Ağdam rayonuna): Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsi daxilində (qeydiyyatda olduğu inzibati ərazi istisna olmaqla) digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə;
Tibbi ərazi bölməsindən kənarda (Ağdam-Ağcabədi TƏB-də yerləşən Ağdam rayonundan Bakı TƏB-ə): Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.