Gündəm / Siyasət
21:24, 15 Mart 2022
0

Azərbaycan Minsk Qrupuna sülh vasitəçiliyi şansı verir...

Azərbaycan Minsk Qrupuna sülh vasitəçiliyi şansı verir...

İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra Azərbaycanın gündəmə gətirdiyi əsas məqamlardan biri də Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Elə bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı İrəvana münasibətlərin normallaşdırılmasından ötrü beş bəndlik təklif göndərib.

Nazirin sözlərinə görə, Ermənistan səmimi olaraq münasibətləri normallaşdırmaq istəyirsə, bu onlar üçün yaxşı fürsətdir. Nazir sənəddəki bütün prinsiplərin beynəlxalq münasibətlərin prinsiplərini olduğunu qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın vurğulamasına görə, Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi bir neçə gün öncə vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Orada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub. Bunlar aşağıdakılardır: 1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bu təkliflər fonunda bəlli olub ki, Ermənistan Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəyib. Ermənistan Xarici İşlər Nazirliyi martın 14-də yaydığı bəyanatda qeyd edir ki, Azərbaycanın təkliflərinə cavab verib və Ermənistanla Azərbaycan arasında BMT Xartiyasına, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında sülh razılaşmasının imzalanmasından ötrü danışıqlar təşkil etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edib. Cənubi Qafqaz üzrə erməni təhlilçi Benyamin Poqosyan güman edir ki, Ermənistan Azərbaycanın təklif etdiyi baza prinsiplərindən birincisinə razılaşarsa, yəni Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyarsa", o zaman Azərbaycan Qarabağın erməni əhalisinin haqları barədə müzakirələrə başlamağa hazır ola bilər: "İstisna etmirəm ki, azərbaycanlılar Qarabağda yaşayan ermənilərin haqları barədə bizimlə dialoqa getməyə hazır olacaq. Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyarsa, o zaman Azərbaycan erməni əsilli Azərbaycan vətəndaşlarının hansı əlavə hüquqları ola biləcəyini də müzakirə edəcək - Azərbaycan deyəcək ki, Qarabağ Azərbaycandır, başa düşürük ki, orada erməni əsilli vətəndaşlar yaşayır, amma Azərbaycan elə "açıqürəkli" olacaq ki, bəlkə, orada erməni dilində təhsil və ya Xankəndi radiosunda bir saatlıq erməni dilində proqram - onlara hansısa haqlar verəcək". Azərbaycanın irəli sürdüyü baza prinsiplərindəki son iki maddə isə İrəvan üçün daha məqbuldur. Çünki Nikol Paşinyan hökumətinin yürütdüyü siyasətə əsasən, kommunikasiyaların açılması, əlaqələrin qurulması Ermənistanın özünün də marağındadır.

ATƏT-in Minsk Qrupu da Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında sülh üçün vasitəçi ola bilər. Bakı hesab edir ki, Vətən müharibəsi sona yetdikdən, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda tamamilə yeni reallıq yaranıb. Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını davam etdirmək istəyində olan ATƏT-in Minsk Qrupu da fəaliyyətini bu reallıqlar əsasında qurmalıdır. Minsk Qrupu yalnız yeni regional reallıqlara adekvat reaksiya sərgiləməklə, əsas diqqətini Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsinə, üçtərəfli bəyanatların şərtlərinin icrasına, Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsinə, tərəflər arasında sülh müqaviləsinin imzalamasına yönəltməklə fəaliyyətini davam etdirə bilər. Minsk Qrupunun İkinci Qarabağ müharibəsinə qədər olan fəaliyyəti nəticəsiz olduğundan daim ciddi tənqid hədəfi olub. Amma uindi vəziyyət dəyişib. Fəaliyyətini Azərbaycan deyən istiqamətdə, postmüharibə dövrünün reallıqlarına uyğun şəkildə qurarsa, Minsk qrupu vasitəçilik missiyasını davam etdirə bilər. Əks halda həmsədr ölkələr nəzərə almalıdır ki, Azərbaycan və Ermənistan arasında regiondakı yeni geosiyasi proseslər artıq Minsk Qrupunun iştirakı olmadan da həyata keçirilə bilər. Azərbaycan üçün hazırda maraq doğuran məsələ Minsk Qrupu həmsədrlərinin yeni reallığa uyğun konkret təkliflərlə çıxış etməsidir. Postmüharibə dövrünün reallıqlarına uyğun şəkildə fəaliyyətlərinin davamı üçün Minsk Qrupunun həmsədr ölkələrinin proseslərə ədalətli və beynəlxalq hüquq çərçivəsində yanaşması zəruri şərtdir. Bakı sülhlə bağlı konkret təkliflərini səsləndirib. Minsk Qrupunun bunu nəzərə alması halında sülh prosesində vasitəçiliyi mümkündür.
Digər xəbərlər: