Gündəm / Hadisə / Dünya
15:55, 21 May 2025
0

Səfirlik əməkdaşları terrorçunun edam prosesini izləyib

Səfirlik  əməkdaşları  terrorçunun  edam  prosesini izləyib


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadənin edamı prosesini diplomatik nümayəndəliyin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil izləyib.
Globalpress.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, ölüm hökmü mayın 21-də səhər saat 5-də icra olunub.

XİN rəsmisi sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılmasının Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında olduğu vurğulayıb:

"Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu həyata keçirilib. Nəticədə diplomatik nümayəndəliyin bir əməkdaşı qətlə yetirilib, iki əməkdaşı isə yaralanıb. Terror aktını törədən Yasin Hüseynzadə 2024-cü il yanvarın 28-də edam hökmünə məhkum olunmuşdu.
Digər xəbərlər: