Gündəm / Siyasət / Dünya
ABŞ Zelenskinin NATO sammitində iştirakına qarşı çıxdı

ABŞ NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakına qarşı çıxıb.
Globalpress.az xəbər verir ki, məlumat NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü zamanı yayılıb.
Agentliyin bildirdiyinə görə, sammitə yalnız NATO üzvü olmayan Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya dəvət olunub. Ukraynanın isə tədbirdə iştirakı gündəmdə deyil və Ukrayna-NATO Şurasının iclası belə hələlik planlaşdırılmayıb. Diplomatik mənbə qeyd edib ki, Kiyevi tamamilə kənarda qoymamaq üçün xarici işlər və müdafiə nazirləri səviyyəsində ayrıca tədbir təşkil oluna bilər.
Ukraynanın NATO-ya inteqrasiyası məsələsi Alyans daxilində hələ də mübahisəli olaraq qalır. 2024-cü ildə keçirilmiş sammitin yekun bəyanatında Ukraynanın "alyansa doğru dönməz yolda" olduğu qeyd edilsə də, üzvlüklə bağlı konkret addımlar atılmayıb. Bu ifadə daha çox Ukraynaya simvolik dəstək və siyasi kompensasiya kimi dəyərləndirilib.
ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra bu mövzu daha da həssas xarakter alıb. Tramp və NATO-nun yeni baş katibi Mark Rutte birgə bəyanatlarında Ukraynanın üzvlüyünün danışıqlar masasından kənarda olduğunu bildiriblər.
Alternativ yanaşmalar arasında İtaliyanın təklifi də müzakirə olunur. Roma Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqini gündəmə gətirir. Bu, Ukraynaya formal üzvlük verilmədən təhlükəsizlik zəmanətinin təmin olunması məqsədi daşıyır.