Gündəm / Cəmiyyət / Səhiyyə
12:20, 26 May 2025
0

Bu xəstəxanaların sayı artıb

Bu xəstəxanaların sayı artıb


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 165-dən 192-yə qədər artırılıb.
Globalpress.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Özəl tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Balakən, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var. Sözügedən tibb müəssisələrinin 70 %-i Bakının, 30 %-i isə digər bölgələrin payına düşür.

Ötən il ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 211 105 tibbi xidmət göstərilib.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3 315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.

Qeyd edək ki, vətəndaş təcili və təxirəsalınmaz hallarda isə icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlər üçün özəl tibb müəssisələrindən birinə birbaşa müraciət edə bilər. Bu halda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xidmətlər Zərfində müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir. Göndərişin etibarlılıq müddəti 10 iş günüdür.
Digər xəbərlər: