Gündəm / Cəmiyyət
17:00, 09 May 2025
0

Azərbaycan xalqının Ümummilli Lideri - Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri - Heydər Əliyev


Bu gün xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
Hər bir ölkənin böyük siyasi şəxsiyyətləri varsa, demək həmin ölkə istənilən müharibədən, iqtisadi və siyasi böhrandan və digər sosial problemlərdən çox asanlıqla çıxmağı bacarır. Daha doğrusu, bu müdrik və ağıllı, uzaqgörən siyasətçilərin gücü hesabına bəzən bəşəriyyət də müharibədən, böyük fəlakətlərdən canını qurtarmış olur. Ən azından ona görə ki, bu cür siyasi liderlər yüz ildən bir dünyaya gəlirlər və dünyanı da elə məhz onlar xilas edirlər.
Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində yüksək vəzifədə olanda, istərsə də müstəqillik qazanandan sonra həmişə öncə dövlətə, dövlətçiliyə və müstəqilliyimizə böyük önəm vermişdir. Heydər Əliyev çıxışlarının birində demişdir: «Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək, öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!».
XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azadqızı

Digər xəbərlər: