Gündəm / Cəmiyyət
Nazir Kəmaləddin Heydərov Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Özbəkistan fövqəladə hallar nazirinin ölkəmizə səfərinin iki nazirlik arasında mövcud əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Protokol” üzrə görülmüş işlərin əhəmiyyətinə toxunan nazir, irihəcmli fövqəladə hallarla birgə koordinasiyalı mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Özbəkistan Respublikasının fövqəladə hallar naziri Abdulla Kuldaşev iki qurum arasında münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Bu mənada, qonaq Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası çərçivəsində Bakıya səfərinin iki qurum arasında əlaqələrin inkişafına faydalı töhfə verəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.
Yekunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq üzrə Fəaliyyət Planı” imzalanıb.
Daha sonra qonaq FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

