Gündəm / Cəmiyyət
18:19, 08 Eylül 2023
0

Nazir Kəmaləddin Heydərov Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev ilə görüşüb

Nazir Kəmaləddin Heydərov Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev ilə görüşüb


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Qırğızıstan fövqəladə hallar nazirinin ölkəmizə səfərinin iki nazirlik arasında mövcud əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib.

2012-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərin əhəmiyyətinə toxunan nazir, Qırğızıstan fövqəladə hallar nazirinin 2021-ci ilin dekabrında ölkəmizə baş tutmuş uğurlu səfərini xatırladaraq, həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2022-2025-ci illər üçün perspektiv əməkdaşlıq Planı”nda yer alan müddəaların əhatə etdiyi əsas istiqamətlərdən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası çərçivəsində Bakıya səfərinin iki qurum arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini bildirib. Qonaq sözügedən beybəlxalq sənədlər üzrə görülmüş işlərdən danışıb, münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.
Digər xəbərlər: