Gündəm / Dünya
Ermənistan növbəti dəfə gülünc vəziyyətə düşdü -

Dünən Ermənistanın ABŞ-ın rəhbərlik etdiyi “Defender 23” təlimlərində iştirak edəcəyi məlum olub.
Globalpress.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsünün müavini Sabrina Sinq bildirib.
“Defender 23” təxminən iki ay davam edən və ABŞ ordusunun rəhbərlik etdiyi illik hərbi təlimdir. Təlimlər 2021-ci ildən keçirilir.
Sözçünün müavini bildirib ki, təlimdə 26 müttəfiq və tərəfdaş ölkədən 9 minə yaxın Amerika əsgəri və 17 minə yaxın hərbçi iştirak edəcək. Təlimlər 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək.
Sabrina Sinq məlumat verib ki, ABŞ-dan başqa Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya da təlimlərdə iştirak edəcək.
Maraqlıdır ki, bu açıqlamadan sonra təlimin saytındakı rəsmi məlumatda dəyişiklik edilib və Ermənistanın adı iştirakçılar siyahısından çıxarılıb. Nə baş verdiyi məlum deyil. Lakin İrəvanın hərbi təlimlərdə iştiraka əvvəl razı olduğu, sonra isə gözlənilmədən bundan imtina etdiyi təxmin edilir.
Çox güman ki, İrəvana Moskvadan təzyiqlər olub və Ermənistan hakimiyyəti də bunu istəməyib. Çünki bir müddət əvvəl İrəvan KTMT-nin hərbi təlimlərindən imtina edib və son vaxtlar KTMT-yə qarşı davamlı demarşlarla məşğul olub. Bunun fonunda Ermənistan Müdafiə Nazirliyinin şərhi son dərəcə gülməli səslənir.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan erməni mediasına “Defender 2023” çoxmillətli hərbi təlimdə iştirak edib-etməyəcəyi sualına cavab olaraq bildirib ki, biz növbəti iki təlimdə iştirak etməyi planlaşdırırıq. O, Ermənistanın “Defender 2023”də iştirak etməyəcəyini təsdiqləyib. Torosyan Ermənistanın adının daxil edilib, sonra silinməsinə nəyin səbəb olduğunu açıqlamayıb.