Gündəm / Siyasət
Paşinyan Tokayevlə Azərbaycanın əleyhinə danışdı - Tokayevdən sıfır reaksiya...
Fikrət Sadıqov: “Nursultan Nazarbayev olsaydı, Paşinyanı cavabsız qoymazdı”
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gileylənib. Onun sözlərinə görə, KTMT-nin böhrana reaksiya mexanizmlərinin həyata keçirilməsini alqışlayır. Hansı ki, bu mexanizmlər Ermənistan-Azərbaycan sərhədində toqquşmaların kəskinləşməsi zamanı nəticə vermədi.
Daha sonra Paşinyan bunları qeyd edib: “Mən çox şadam ki, KTMT-nin böhrana cavab mexanizmləri nəhayət işlədi. Bilirsiniz ki, bu, Ermənistan Respublikasının sədrliyinin prioriteti idi. Biz həmişə inanmışıq və indi də inanırıq ki, KTMT-nin çevik reaksiya mexanizmləri normal işləməlidir. Təəssüf ki, Ermənistan elə bir vəziyyətdə idi ki, biz mexanizmin işləməli olduğunu düşünən vaxtı bu baş vermədi. Mən çox şadam ki, Qazaxıstanda baş verənlərdən sonra həyat tam bərpa olunub”.
Təbii ki, Paşinyanın apardığı müqayisələr doğru deyil. Ona görə ki, Qazaxıstanda məlum qarşıdurmaları yatırmaqdan ötrü ölkə hakimiyyətinin dəvəti ilə KTMT ora silahlı qüvvələrini yeritdi. Ancaq Azərbaycan Ermənistana hücum etmədiyi halda, İrəvan belə bir yalan uydurdu ki, guya bu ölkə təcavüzə məruz qalıb. Bu minvalla KTMT-ni prosesə cəlb etməyə çalışdı, amma buna nail ola bilmədi. Çünki ortada fakt yox idi. Təəssüf doğuran məqam odur ki, Qazaxıstan prezidenti Tokayev görüşdə müqayisənin doğru olmadığı ilə bağlı hansısa reaksiya vermədi. Ən azından deyə bilərdi ki, Azərbaycan Ermənistana təcavüz etməyib.
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Tokayevin Paşinyanın Azərbaycana yönəlik fikirlərini susqunluqla izləməsi təəssüf doğurur: “Əvvəla, Nikol Paşinyan yalan danışır və məsələni tamamilə başqa cür yönləndirir. Həqiqət odur ki, Ermənistan ərazisinə hücum olmayıb, ölkə daxilində terror aktları törədilməyib. Belə olan halda hansı əsasla KTMT ora qoşun yeritməli idi? Paşinyanın məqsədi o idi ki, KTMT-ni Azərbaycanla müharibəyə cəlb etsin. Buna da nail ola bilmədi. Çünki Azərbaycan öz ərazilərini işğaldan azad etdi, Ermənistan ərazisinə daxil olmadı. Fikrimcə, Nursultan Nazarbayev olsaydı, Paşinyanı cavabsız qoymazdı. Çünki Nazarbayev Azərbaycan həqiqətlərini daha yaxşı bilirdi və bir sıra hallarda bizə əl uzadırdı. Müəyyən məqamlarda bizim maraqlarımızı müdafiə edirdi. Düzdür, biz Tokayevi nəyəsə məcbur edə bilmərik. Ancaq gərək o, Azərbaycan və Qazaxıstan arasında olan yaxın münasibətləri nəzərə alaydı. Çünki Qazaxıstan indiyə qədər həmişə Azərbaycanı müdafiə edib və real həqiqəti yaxşı bilib. Çox təəssüflər olsun ki, bu dəfə Paşinyan lazım olan adekvat cavabı almadı. O üzdən, Tokayevin bunda məsuliyyət payı var”.
Politoloq onu da qeyd etdi ki, Qazaxıstan prezidenti bu kimi məsələlərdə diqqətli olsa, bu iki ölkə münasibətlərinə yalnız fayda verəcək.
Daha çox xəbər:

KTMT-yə üzv ölkələrin liderləri noyabrın 23-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyəcək

Fransa nəşri KTMT-nin Ermənistana hərbi yardım göndərməkdən imtina etməsindən yazdı

KTMT-nin sərhədə sülhməramlılar göndərməsinə bu 3 ölkə veto qoyub

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?