Gündəm / Siyasət / Cəmiyyət
19:54, 23 Şubat 2022
0

Azərbaycanla Bəyannamənin imzalanmasında Kremlin və Putinin marağı nədir? - ƏTRAFLI

Azərbaycanla Bəyannamənin imzalanmasında Kremlin və Putinin marağı nədir? - ƏTRAFLI


“Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı. Qərb dövlətlərinin ölkəmizdəki uzantılarının iddialarının əksinə, Bəyannamədə Azərbaycanı əsarətə, Rusiya vassallığına aparacaq nəinki bir bənd, tək bir ifadə belə yer almayıb”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev səsləndirib. O bildirib ki, Bəyannamə başdan-başa Azərbaycanın maraqlarının qorunmasına, sərhədlərimizin və ərazi bütövlüyümüzün toxunulmazlığına, dövlət suverenliyimizə kənar müdaxilələrin qarşısının alınmasına, siyasi, iqtisadi, diplomatik, ticari, mədəni əlaqələrin yüksəldilməsinə xidmət edir: “İlk oxunuşda sənəd demək olar Azərbaycanın maraqlarının qorunmasına xidmət edən və bunu rəsmiləşdirən akt təəssüratı yaradır. Azərbaycan maraqlarının təmini baxımından “Moskva Bəyannaməsi”ni “Şuşa Bəyannaməsi”nin davamı adlandırmaq olar”.

Bəs Azərbaycanın maraqlarının təmininə xidmət edən Bəyannamənin imzalanmasında Kremlin, daha konkret Putinin marağı nədir?

Politoloq hesab edir ki, ağıllı və praqmatik siyasətçi olan Putin və dövləti bu Bəyanatdan böyük çıxarlar əldə edəcək:

1. Postsovet respublikalarının Rusiyanın yanında yer aldığını, müttəfiq olduqlarını dünyaya nümayiş etdirir;

2. Qonşu dövlətlərə, xüsusilə keçmiş sovet respublikalarına “özünüzü adekvat aparsanız, qərb dairələrinin oyununda alət olmasanız sizi də Azərbaycana göstərdiyimiz münasibət və belə bir perspektiv gözləyir” mesajını çatdırır;

3. Qərb meyilli cəmiyyətlərə iki real seçim nümayiş etdirir:

– qonşusu ilə mehriban və səmimi davranan Azərbaycan və ona göstərilən münasibət (2020-ci il Vətən müharibəsi və torpaqların işğaldan azad olunmasına sərgilənən yanaşma);

– ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı oyununda yer alan Gürcüstan, Ukrayna və onlara göstərilən münasibət.

Bir sözlə, mənimlə yanyana olan qazanır (Azərbaycan), qarşımda olan, rəqiblərimin oyununa gələn cəzalandırılır (Gürcüstan, Ukrayna, Ermənistan) fikirləri aşılanır”.

Anar Əliyevin sözlərinə görə, siyasət həm də dəyərlər və maraqlar balansının qorunması bacarığıdır: “Balansı qoruya bilməyəndə bunlardan birini itirmək məcburiyyətində qalırsan. 90-cı illərdə səriştəsiz liderin dəyər və maraqlar sistemini anlamamasının ağır nəticələrini dövlət və xalq olaraq ödəməli olduq. Təəssüf ki, bizim müstəqilliyin ilk illərində buraxdığımız səhvləri 2008-ci ildə qonşu Gürcüstan, 2014 və 2022-ci illərdə dost Ukrayna dövləti təkrar etdi. Nəticə göz qabağındadır. Baş verən hadisələr bir fikri daha da möhkəmləndirdi. ABŞ-a güvənib Rusiya ilə oynamaq olmaz. Rusiya nə qədər aqressiv və təhlükəli dövlətdirsə, ABŞ və müttəfiqləri bir o qədər qorxaq, qətiyyətsiz və etibarsız tərəfdaşlardır”.
Digər xəbərlər: