Gündəm / Siyasət
Bakı-Moskva müttəfiqliyi regiona nə vəd edir?
Azərbaycan və Rusiya arasında Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanacağı ilə bağlı xəbərlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi qruplar müttəfiqlik haqqında bəyannamənin Azərbaycanın maraqlarına uyğun gəlmədiyi, suverenliyimizə zərər yetirəcəyi barədə iddialar səsləndirirlər. Amma bir çox siyasi ekspertlər, şərhçilər Azərbaycan və Rusiya arasında imzalanacaq müttəfiqlik bəyannəməsinin bərabərhüquqlu olduğunu, rəsmi Bakının maraqlarına cavab verdiyini bəyan edirlər.
Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Missiya.Az-a açıqlamasında Azərbaycan və Rusiya arasında imzalanması planlaşdırılan müttəfiqlik bəyannaməsi ətrafında ajiotaj yaradan qüvvələrin iddialarına, sərsəm açıqlamalarına münasibət bildirib.
Ramin Əhmədovun sözlərinə görə, bəzi şəxslərin bəyannamənin mətni açıqlanmadan yersiz siyasi bəyanatlar verməsinin, müttəfiqlik bəyannaməsinin Azərbaycanın maraqlarına uyğun olmayacağını deməsinin heç bir əsası yoxdur:
“Sənədin mətni ortada olmadan müxtəlif yalnış mülahizələr və iddialar səsləndilir. Belə əsassız iddialar sadə vətəndaşlar arasında ajiotajın yaradılmasına, dövlətimizin xarici siyasətinə kölgə salınmasına xidmət edir. Hər kəs bilməlidir ki, bu tipli sənədlər bərabərhüquqlu olur və münasibətlər bərabərhüquqlu tənzimlənir. Bəyannamədə hər hansı tərəf üçün xüsusi güzəştlər deyil, qarşılıqlı güzəştlər nəzərdə tutulur. Tərəflər üzərlərinə öhtəliklər götürülər və gələcək siyasi xətlərini həmin öhtəliklərə uyğun icra edirlər. Azərbaycan üçün əsas olan ərazi bütövlüyünə hörmət və təhlükə zamanı müttəfiqlərinin dəstəyidir. Əminliklə deyə bilərik ki, Azərbaycan və Rusiya arasında imzalanacaq bəyannamədə də ərazi bütövlüyünə hörmət və təhlükəzliklə bağlı zəmanətlər yer alacaq. Şuşa bəyannaməsində də ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət yer alıb. Həm Türkiyə, həm də Rusiya ilə imzalanan müttəfiqlik bəyanatlarında qeyd edilən məqamların yer alması Azərbaycanın milli maraqlarına və gələcək hədəflərinə tam uyğundur”.
Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanmasının Ermənistanın həm hərbi, həm də siyasi manver imkanlarını məhdudlaşdırdığını deyən Ramin Əhmədov bildirib ki, bu bəyannamə İrəvanı Bakı ilə hesablaşmağa məcbur edəcək:
“Təbii ki, Azərbaycanın Rusiya ilə müttəfiqlik əlaqələri qurması İrəvanın maraqlarına uyğun deyil. Azərbaycan Rusiya ilə müttəfiqlik bəyannaməsindən Qarabağ və ya sərhəd məsələsindən Ermənistana qarşı istifadə edib, istədiyi güzəştləri əldə edə bilər”.
Ramin Əhmədov Azərbaycanın müstəqil siyasət yürütdüyünü, heç bir siyasi qütbə qarşı digər siyasi qütbdə təmsil olunmadığını da vurğulayıb: “Ölkəmiz prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində həm Rusiya, həm ABŞ, həm Türkiyə, həm də Qərb dövlətləri ilə dərin siyasi və iqtisadi əlaqələr qurmağa nail olub. Əminliklə deyə bilərik ki, Moskvada imzalanacaq müttəfiqlik bəyannaməsi də Azərbaycan prezidentinin düşünülmüş siyasətinin nəticəsidir. Bu bəyannamə Azərbaycan xalqına böyük siyasi dividentlər qazandıracaq, regionda əbədi sülh yaratmaq prosesində yeni mərhələnin başlanmasına rəvac verəcək”.
Hərbi ekspert Ədalət Verdiyev Missiya.Az-a açıqlamasında bildirib ki, sənəd hələ imzalanmayıb, bəyənnamə ilə tanış olmadan onun tərkibi haqqında dəqiq nəsə söyləmək olmaz: “İstənilən halda Azərbaycan və Rusiya arasında imzalanacaq bəyannamə hər iki ölkənin bərabərhüquqlu münasibətlərini tənzimləməklə onların müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə əməkdaşlıq prinsiplərini özündə əks etdirəcəyi ehtimal olunur. İmzalanan bu tipli sənədlər tərəflərin heç birinə “böyük qardaş” statusu verə bilməz. Digər tərəfdən, bəyannamə əməkdaşlıq haqqındadır, deməli heç bir halda tərəflərdən birinin, digərinin daxili proseslərinə müdaxilə etməsini də nəzərdə tuta bilməz”.
Ədalət Verdiyev Azərbaycanın müttəfiqlik bəyanatını imzalamaqla bağlı qərarını tələsik verməsi barədə səsləndirilən iddialara da münasibət bildirib: “Prezident İlham Əliyev 2021-ci ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edərkən belə bir cümlədən istifadə etmişdi: “Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır”. Bu cümlədən məlum olur ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanacağı 2 ay əvvəl məlum idi. Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”nin hazırlanmasına isə 2021-ci ilin ilk həftələrindən başlanılıb. Bu tip sənədlərin hazırlanması və razılaşdırması adətən uzunmüddətli qarşılıqlı müzakirələr tələb edir”.
Analitik Asif Nərimanlı isə Missiya.Az-a açıqlamasında Azərbaycanın əsas müttəfiqinin Türkiyə olduğunu və Rusiya ilə imzalanacaq bəyannamənin Şuşa Bəyannaməsinin bənzəri olmayacağını deyib: “Yəni “dərin inteqrasiya”nın nəzərdə tutulacağı inandırıcı deyil. Burada müxtəlif sektorlarda qarşılıqlı əlaqələri inkişafı, hərbi əməkdaşlıq, bir-birinin ərazi bütövlüyünə hörmət və s. məsələlərin yer alacağı mümkündür. Lakin bu, Azərbaycanın Rusiyanın qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil. Bakı seçimini Ankaradan yana edib və Qoşulmama Hərəkatına üzv olması genişçaplı ittifaqlarda yer almamasını şərtləndirir”.
Analitikin sözlərinə görə, belə bir sənədin imzalanmasında Rusiya və Azərbaycanın öz maraqları var: “Azərbaycanı “ittifaq dövləti” modelinə daxil etmək şansını əldən verən Moskva müttəfiqliyi ikitərəfli səviyyədə inkişaf etdirir: bu, geosiyasi qarşıdurmada Cənubi Qafqaz cəbhəsini gücləndirməyə xidmət edir. Əsas seçimini Türkiyə ilə edən Bakı “balans strategiyasını” müəyyən qədər yeniləyir və belə bir bəyannamə ilə Moskvaya anti-Rusiya cəbhəsində yer almayacağının zəmanətini verir. Bu, geosiyasi qarşıdurmada Rusiyanın təzyiqini neytrallaşdırmağa da hesablanıb”.
Politoloq Tural İsmayılov Bakı və Moskva arasında müttəfiqlik bəyannaməsinin imzalanmasını Azərbaycanın geosiyasi qələbəsi adlandırıb: “Rusiya regionumuzun böyük dövlətlərindən biridir. Azərbaycan da regionda öz maraqları, mövqeyi olan dövlətdir. Təbii ki, Bakı və Moskva arasında münasibətlərin dərinləşməsi, müttəfiqlik səviyyəsinə çatması Rusiyada yaşayan erməni maqnatların və Ermənistandakı ruspərəst revanşistlərin maraqlarına uyğun deyil. Amma onların mövqeyinin necə olmasından asılı olmayaraq, Azərbaycan uğurlu xarici siyasət həyata keçirərək Moskvanın Bakıya tərəf dönməsi üçün addımlar atır. Bu baxımdan, Prezident İlham Əliyevin Rusiyaya səfəri və orada imzalanacaq istənilən müqaviləni geostrateji qələbələrimizdən biri hesab edirəm”.
Politoloq bildirib ki, Azərbaycan və Rusiya arasında əlaqələrin dərinləşməsi hər hansı ölkəyə qarşı yönəlməyib.
“Düşünürəm ki, Azərbaycanla Rusiya arasında müəyyən məsələlərin müzakirə edilməsi, iki ölkə rəhbəri arasında mütəmadi danışıqların həyata keçirilməsi, müqavilələrin imzalanması hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Həmçinin müqavilənin imzalanması hazırda Rusiya ətrafında baş verən qlobal proseslərlə bağlı da deyil”.