Gündəm / Siyasət / Dünya
G7 ölkələri toplanır

G7 ölkələrinin liderləri bir araya gəliblər.
Globalpress.az- ın məlumatına görə, G7 Sammiti İtaliyanın ev sahibliyi ilə başlayıb. Liderlər iki gün İtaliyanın cənubundakı lüks kurort olan “Borgo Egnazia”da qalacaqlar.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma Papası Fransisk də daxil olmaqla, G7 xaricindəki qonaqlar da ikitərəfli görüşlərdə və xüsusi iclaslarda iştirak edəcəklər. Burada Qəzza və Ukraynadakı müharibələrdən tutmuş, iqlim böhranı və süni intellektə qədər kritik məsələlər müzakirə olunacaq.
Liderlərin gündəminə həmçinin Afrikadan Asiya-Sakit okeana qədər geniş coğrafiyaya uzanan məsələlər də daxildir. Sammitin mühüm məsələlərindən biri Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Qeyd olunur ki, ABŞ sammit çərçivəsində yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcək.
Beləliklə, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya ilə yanaşı, sammitdə Türkiyə, Ukrayna, Əlcəzair, Argentina, Braziliya, Hindistan, İordaniya, Keniya, Tunis, Mavritaniya və Birləşmiş Ərəb Əmirliklərinin liderləri də olacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də iki gün İtaliyada baş tutacaq tədbirlərdə yer alacaqlar.
Xatırladaq ki, G7 sammiti iyunun 13-15-də İtaliyanın cənubundakı Puqliyada baş tutacaq. Zirvədən sonra media mənsubları təxminən 60 kilometr uzaqlıqdakı Baridə qalacaq və yalnız mətbuat konfranslarında iştirak edə biləcəklər.