Gündəm / Siyasət / Dünya
11:38, 03 Temmuz 2023
0

Fransada vəziyyət daha da pisləşib

Fransada vəziyyət  daha da pisləşib


Ötən həftə Fransanın Nanter şəhərində 17 yaşlı Nahel polis tərəfindən öldürüldükdən sonra başlayan etiraz aksiyası getdikcə daha geniş ərazini əhatə edir. İfrat sağçı qrupların küçələrə çıxması isə narahatlıqları daha da artırır.

Globalpress.az xəbər verir ki, Lion şəhərində polis ifrat sağçı qrupun etiraz aksiyasını gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb.

Fransa mətbuatı yazır ki, gecə keçirilən nümayişlər zamanı daha 49 nəfər saxlanılıb.

45 min polis və jandarma qüvvələri ilə etirazılar arasında qarşıdurmaların baş verdiyi bildirilir.

Lion şəhərinin qubernatorluğunun məlumatına görə, bir qrup ifrat sağçı şəhər meriyasının qarşısına toplaşıb. Polisin bibər qazı istifadə etdiyi qrup küçələrdə "Fransa fransızlara məxsusdur!" şüarları səsləndiriblər.

Etirazların yenidən alovlanacağı ehtimalını nəzərə alan hüquq-mühafizə orqanları Marsel şəhərinin mərkəzinə zirehli texnikalar yerləşdirib.

Gecə saatlarında Lhay-les-Rose şəhərinin meri Vincent Jeanbrunun evinə edilən hücumdan sonra Fransa Bələdiyyə Başçıları Assosiasiyasının prezidenti David Lisnard bütün merləri və vətəndaşları bu gün üçün bələdiyyə binaları qarşısına toplaşmağa çağırıb. Lisnard qeyd edib ki, son saatlarda 147 bələdiyyə binası hücuma məruz qalıb.

Prezident Emmanuel Makron ölkədəki vəziyyəti müzakirə etmək üçün dünən Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Gerald Darmanin də daxil olmaqla nazirlərlə görüşüb. Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı xahiş edib.

Sabah Fransa Milli Assambleyanın sədri Yael Braun-Pivet və Senat sədri Gerard Larçer ilə görüşəcək Makron iyulun 4-də Yelisey sarayında nümayişlərdən zərər çəkən 220 bələdiyyə sədri ilə görüşməyi planlaşdırır.
Digər xəbərlər: