Gündəm / Sosial / Cəmiyyət
Bütün medianın və media əməkdaşlarının gözlədiyi islahat nə verəcək?... - Aydın QULİYEV yazır...

Çap və onlayn medianın çox ehtiyacında olduğu hadisə baş verdi. Prezident İlham Əliyev Vergilər Məcəlləsində həm də medianın mənafelərinə birbaşa təsiri olan dəyişiklik etdi. Yeni qanun imzalandı. Çap və onlayn media qurumları əlavə dəyər, mənfəət və sadələşmiş vergidən 3 illiyə azad olundular.
Globalpress.az xəbər verir ki, bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Sadə desək, məsələ belədir. Çap və onlayn media orqanları reklam və öz fəaliyyətlərinin gətirdiyi gəlirlərdən, aldıqları yardımlara görə bu üç növ vergini bundan sonrakı 3 il müddətində ödəməyəcəklər. Bu, nə demək olacaq?
1. Hansısa məbləğdə üç il vergi ödəməyəcəklər, yəni bu məbləğ öz sərəncamlarında qalacaq.
2. Media orqanları indiyə qədər tez-tez rast gəlinən vergi orqanları ilə müxtəlif xarakterli çəkişmələrdən azad olaraq daha çox diqqəti yaradıcılığa və menecerliyə yönəldə biləcəklər.
3. Media orqanları öz iqtisadi güc mənbələrini tədricən qrant və ianələrdən reklama və özəl fəaliyyətlərin üzərinə keçirmək imkanı qazanacaqlar ki, bu da daha çox iqtisadi müstəqillik deməkdir.
4. Qurumun maddi-iqtisadi gücünün artırılmasında media rəhbərləri ilə bərabər hər bir media əməkdaşı da maraqlı, təəssübkeş və təşəbbüskar olmağa başlayacaq.
5. Diqqətçəkən təzahürdür ki, dövlət başçısı siyasi partiya və QHT-lərlə müqayisədə məhz medianın vergidən azad olunmağa daha çox ehtiyac hiss etdiyini nəzər aldı.
6. Azərbaycanda vergi və media islahatları ilk dəfə bir arada həyata keçirilir və bir-birinə zidd deyil. Əksinə, dövlət büdcəsinin vergi mənbələrindən cüzi itkisi bahasına həyata keçirilən bu islahat medianın daha çoxşaxəli iqtisadi müstəqilliyə yetməsinin hədəfləndiyini göstərir.
7. Mediaya dövlətin dəstəyinin müstəqil dövlətçiliyin ömrü qədər davamlı və vacib olduğunu bütün ağıllı adamlar başa düşür, dünyanın heç bir ölkəsində media dövlətin dəstəyindən kənarda deyil və ola da bilməz. İnformasiya vasitələrinin müasir dünyada dövlətlərin daxili işlərinə ən müxtəlif təsir silahına çevrildiyi bir zamanda, ən müxtəlif siyasi-ideoloji qüvvələrin onu ələ keçirmək üçün çabalar göstərdiyi şəraitdə medianı öz dövlətinin dəstəyindən kənara necə və hansı məntiqlə çəkmək olar?! Sən onu kənara itəcəksən, başqası onu öz qanadına çəkərək sənə qarşı işlədəcək... Prezident bu qərarı verməklə mediaya dövlətin dəstək institutunun nə vaxtsa ixtisar edilməsinə (bəziləri səhvən belə təsəvvür edir) əsaslar yaratmağı yox, bu dəstəyi daha da gücləndirməyi, şaxələndirməyi hədəflədiyini göstərdi. Yəni o mənada ki, medianın iqtisadi təminatı üçün dövlətin dəstəyi vacib və hələlik yeganə mənbədirsə, bu mənbənin saxlanması şərti ilə əlavə müstəqil mənbələr də axtarılsın ki, iqtisadi müstəqillik daha çoxsaylı və alternativ mənbələrə söykənməklə şaxələnsin, daha da güclənsin.
8. Medianın yalnız bir iqtisadi mənbənin hesabına təminatlı olmasına nail olmaq hələ son hədəf deyil. Daha böyük hədəfimiz odur ki, medianın iqtisadi təminatlılığı müxtəlif, çoxsaylı və alternativ mənbələrə söykənsin. Bu halda medianın müstəqilliyi daha möhkəm və davamlı xarakter ala bilər. Prezidentin vergi islahatında əsas məqsədlərdən biri budur - medianın iqtisadi təminat mənbələrinin biri dövlətdirsə, müstəqil mənbələrin timsalında yeni təminatlar da yaradılsın...
Medianın vergilərdən azad edilməsinin bütün mümkün nəticələrini sözsüz ki, bu başdan tam görmək mümkün deyil. Bu, büsbütün praktik zəminli prosesdir və onun mümkün nəticələri zaman-zaman üzə çıxacaq. İndilikdə tam və dəqiq məlum olan odur ki, indiki media-vergi islahatının heç bir halda mənfi nəticəsi olmayacaq və perspektivdə yalnız pozitivlər görünür. Bu islahatın media orqanları və əməkdaşlar üçün bir şans olduğunu nəzərə alsaq, 3 ildən sonra ən pis halda bu şansın hansısa hissəsini buraxmağımızdan və ya ondan yetərli bəhrələnə bilməməyimizdən məyus ola bilərik. Ancaq inanıram ki, qarşıdakı bu üç ildə dövlətin və medianın səylərini bir arada tuta bilsək, heç bir şans itkisi ilə üzbəsurət qalmayacağıq...
Daha çox xəbər:

Şöbə müdiri: “Mediaya vergi güzəştlərinin tətbiq edilməsi bu sahənin inkişafına ciddi stimul olacaq”

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Media subyektlərinin vergidən azad edilməsinə dair qanun layihəsi hazırlandı

Yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma şərtləri açıqlanıb