Gündəm / Siyasət / Sosial
Rəşad Dağlı ev dustaqlığına buraxıla bilərmi?
Hüquqşünas açıqladı...
“Azərbaycanın cinayət qanunvericiliyi qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə cinayətinə görə 9 ildən 14 ilədək müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qəsdən adam öldürmə zəruri müdafiə həddini aşmaqla və ya ruhi həyəcan vəziyyətində da törədilə bilər. Bu halda həmin əməl 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmənin cəzası isə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilədək azadlıqdan məhrumetmədir”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq hüquqşünas Xalid Ağəli tanınmış meyxanaçı Rəşad Dağlının həbsi barədə danışarkən deyib.
O, R.Dağlının cəmiyyətdə tanınmış olmasının, eyni zamanda qətli törətdikdən sonra polisə təslim olmasının həbs müddətinin aşağı salınmasına təsir edib-etməyəcəyi, ev dustaqlığına buraxıla bilmə ehtimalının olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Şübhəli şəxs qismində istintaqa cəlb edilən şəxslər məhkəməyə qədər həbsdə yox, ev dustaqlığında da saxlanıla bilərlər. Ağır cinayətlər zamanı bu, xeyli çətindir. Ancaq ev dustaqlığına buraxılmaq üçün həmin şəxslər bir neçə şərtə cavab verməlidilər. Belə durumlarda cinayətin xarakteri və ağırlıq dərəcəsi, şəxsin gizlənmək, istintaqın, ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmək ehtimalı kimi məsələlər nəzərə alınaraq qərar verilir. Cəzanı hansı halların yüngülləşdirə biləcəyi cinayət qanunvericiliyində aydın ifadəsini tapıb. Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayətin zəruri müdafiə, son zərurət hədlərini aşmaqla törədilməsi, cinayətin affekt durumda törədilməsi cəza təyin edilərkən yüngülləşdirici hallar kimi nəzərə alına bilər. Cinayət törədən şəxsin könüllü təslim olması, təqsirini boynuna alması, habelə zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsi və konkret hallara görə digər hallar da yüngül cəzanın təyin edilməsinə təsir göstərə bilir”.
Daha çox xəbər: