Gündəm / Cəmiyyət
15:18, 19 Şubat 2022
0

Qurumlar şikayətə baxmadıqda insanlar nə etsin?

Qurumlar şikayətə baxmadıqda insanlar nə etsin?

Vətəndaş məmur özbaşınalığına məruz qaldığını və nəticədə haqsız olaraq zərər gördüyünü, bununla bağlı müraciətlərinə əməli faydası olan heç bir cavabın verilmədiyini iddia edir. İş o həddə çatır ki, vətəndaş hər cür təhlükə riskini gözə alaraq paytaxtın ən mərkəzi yollarından birinin kənarında uzun yük maşının gövdəsinə dərdini yazıb göstərməklə öz səsini və müraciətini ölkə rəhbərliyinə çatdırmaq yoluna baş vurmuşdur.
İnsanlar haqsız əziyyətlərə məruz qalanda aidiyyəti dövlət qurumlarının buna əhəmiyyət vermədiyini, müraciətə əməli faydası olan heç bir cavab vermədiyini görəndə nə etsinlər?
İddianın doğru olub-olmadığını mümkün olan ən qısa müddət ərzində (çünki zamanın uzanması aradan qaldırılması mümkün olmayan maddi zərərlərə səbəb olur) araşdırıb düzgün, dolğun və hüquqi cavab vermək yerinə bu şəkildə çarəsiz olaraq öz səsini çatdırmaq istəyən vətəndaşın evinə qeyri-rəsmi paltarda olan şəxslərin yaşayış yerinə zorla daxil olaraq zorakılıq etməsi, həmin yaşayış yerində və hətta qonşuluqda olan kameraya aid əşyaların götürülməsi, vətəndaşın zorla naməlum yerə aparılması qanunlara, hüquqa və dövlətçilik anlayışına təhqiramiz şəkildə hörmətsizlik etməkdir. Üstəlik, bunun nümayişkarənə edilməsi başda bütün hüquq və dövlət adamları olmaqla bütün ictimaiyyəti təhqir etməkdir..
AR Konstitusiyasına (m.31 və 33) və qanunlarına görə, heç kəs qanunda nəzərdə tutulan zəruri hallar və ya məhkəmə qərarı xaricində mənzildə yaşayanların iradəsinin ziddinə olaraq mənzilə daxil ola bilməz (Mənzil Məcəlləsi m. 5). Belə əməllər Cinayət Məcəlləsinə görə cinayət hesab olunur və üstəlik vəzifəli şəxslər tərəfindən törədildikdə daha ağır cəza nəzərdə tutulur (Cinayət Məcəlləsi m. 157.3).
Qanunda nəzərdə tutulan zəruri hallar isə, qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaşlar və s. kimi fövqəladə hallarda və YALNIZ vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ola bilər. Məhkəmə tərəfindən də ancaq cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə mənzildə yaşayanların iradəsinin ziddinə olaraq daxil olmaq üçün qərar verilə bilər.
Yalnız bəzi müstəsna hallarda müstəntiq müvafiq məhkəmə qərarı olmadan da yaşayış sahəsinə daxil olmaq barədə qərar qəbul edə bilər. Cinayət Prosessual Məcəlləsinə görə, müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən DƏQİQ MƏLUMAT olduqda apara bilər:
- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini;
- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini (m. 243.3.2.);
- yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (m. 243.3.3.);
- yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu (m. 243.3.4.).
Üstəlik, müstəntiq bu halların mövcudluğunu özünün həmin qərarında tam şəkildə əsaslandırmağa borcludur (m. 243.4.).
Qanunlara, hüquqa və dövlət sistemi anlayşına bu qədər aşkardan təhqiramiz şəkildə hörmətsizlik edənlərə cəmiyyət tərəfindən qanun keşikçiləri və hüquq mühafizəçiləri gözü ilə baxılması və qəbul edilməsi psixi cəhətdən sadəcə olaraq mümkün deyildir.
Nəzərdən qaçırmamaq lazımdır ki, zorakılıq qorxusu heç vaxt sevgi və hörməti əvəz edə bilməz. Zorakılıq qəzəb və nifrətə, sevgi və hörmət isə izzətə səbəb olur!
Cəmiyyətdə yığılan qəzəb və nifrət hissi zərərə səbəb olar. Böyük şair Nizami də deyir: "Sülh ilə kin ilə yaranmış cahan, sülhündən xeyir görmüş, kinindən ziyan".
Digər xəbərlər: