Gündəm / Siyasət / Dünya
İran Rusiyadan hərbi yardım istəyib

İsraillə mümkün münaqişəyə hazırlaşan İran Rusiyadan qabaqcıl hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardım istəyib.
Globalpress.az xəbər verir ki, bu barədə The New York Times qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olan iki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Moskva artıq İrana radarlar və hava hücumundan müdafiə sistemləri üçün avadanlıqlar verməyə başlayıb.
NYT bu barədə Təhlükəsizlik Şurasının katibi, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun İrana səfərindən sonra yazıb. Avqustun 5-də Şoyqu Tehranda ölkənin yeni prezidenti Məsud Pezeşkian və İran Baş Qərargahının rəhbəri general Məhəmməd Baqiri ilə görüşüb. “Biz regional məsələlərdə İranla tam əməkdaşlığa hazırıq”, – deyə Şoyqu NYT-nin İran dövlət mediasından sitat gətirib.
“The Jerusalem Post” xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Katz bir gün əvvəl, avqustun 5-də İrandan zərbə endirmək niyyəti ilə bağlı xəbərdarlıq aldığını bildirib. Katzın sözlərinə görə, Tehran bu xəbərdarlığı Macarıstanın xarici işlər naziri Peter Siyarto vasitəsilə çatdırıb.