Gündəm / Cəmiyyət / Sosial
Bu gün Azərbaycan polisi 106 yaşını qeyd edir

Bu gün Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramını qeyd edir.
Globalpress.az xatırladır ki, Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin müdafiəsində mühüm rol oynayıb. Daha sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edərək, qanunçuluğun və ictimai asayişin qorunmasında cinayətkarlıqla mübarizədə zəngin təcrübə qazanıb.
Tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşması Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-1980-ci illər Daxili İşlər orqanlarının tarixində əsaslı dönüş mərhələsi olub. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması ilə əlamətdardır. Bu istiqamətdə atılan addımların nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra polisin fəaliyyətində də yeni inkişaf dövrü başladı. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin “Azərbaycan polisi günü” elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərin daha bir parlaq təzahürü oldu.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Daha çox xəbər: