Gündəm / Cəmiyyət
Unudulmazlar

Bu gün əziz dayım Arif Kamil oğlu Rüstəmovun ildönümüdür. 1952-ci ildə Şərur rayonunun Şahtaxtı kəndində Kamil bəylə Həvva xanımın ailəsində doğulub. Əslən Dərələyəzin Qovuşuq kəndindəndir. 10 bacı və qardaşın yaşca ən böyüyü olub. Hər zaman onların qayğısını çəkib. Böyük Dağdələnlilər tayfasının nümayəndəsidir. Tayfanın Dağdələnlilər adlandırılmasının səbəbi odur ki, Qacar şahın dövründə el-obada su qıtlığı olduğu üçün şah deyib ki, kim kəndə su gətirib, məndən nə istəsə, verəcəyəm. Ulu babamız Rüstəm bəy Şahın sarayında çalışırmış və külünglə dağı dəlib suyu gətirərək şahı və xalqı xilas edib. Şaha deyib ki, pul, qızıl, ad-san istəmirəm. Mənə haqqım olanı - Dağdələnli desən, bəsimdir. Bu tayfanın nümayəndələrində pəhləvanlıqda var, güclü, qüvvətli olublar. Bu güc, qüvvət, mərdlik və cəsarət dayımda da var idi.
Şahtaxtıda atası Kamil bəyin, babamın işinə görə yaşayıblar, sonra Şərur rayonunun Kərki kəndinə köçüblər. Burada böyüyüb, Ordubad rayonunda orta məktəbə gedib. Soçi şəhərində hərbi xidmətdə olub, burada hərbi komandirinin təkidiylə qalıb hərbi həkimlik ixtisası üzrə təhsil alırmış, sonralar atası Kamil bəyi-babamı, anası Həvva xanımı-nənəmi və bacı və qardaşlarını nigaran və həsrətdə qoymamaq üçün təhsilini yarımçıq qoyub, kəndə qayıdıb. Naxçıvanda, Şərurda, Dərələyəzdə hər kəs onu çox hörmətli, nüfuzlu, mərd, cəsarətli, köməksevər insan kimi tanıyırmış. Dostu, tanışı çox olduğu üçün ev hər zaman qonaq-qaralı olub. Kərki kəndində Həvva xanımla ailə həyatı qurub, 3 övladı və 3 nəvəsi var. Şərurda Fövqəladə Hallar nazirliyində və Qarakilsədə çalışıb. Gəncədə də bizneslə məşğul olub. Övladları güc strukturlarında çalışır.


1988-ci ildə Kərki kəndini erməni işğalından qorumaq üçün dayım son ana kimi döyüşənlərdən idi. Qəhrəmanlıq və şücaət göstərib. Təəssüf ki, kənd işğal olunub.
Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, bir neçə dil bilirdi: rus, alman və s. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyib. Uzun illər Yeni Azərbaycan Partiyasında müxtəlif vəzifələrdə çalışıb. YAP-ın inkişafı üçün yorulmaz fəaliyyət göstərib. Mötəbər dövlət tədbirlərinin daim iştirakçısı olub. Müxtəlif təltiflərə və dövlət səviyyəli medallara layiq görülüb. Prezident təqaüdü verilməsi isə onun dövlətçilik fəaliyyətinə verilən ən yüksək dəyərdir. Hər zaman dövlətə və dövlətçiliyə xidmət edib.
Qohumları üçün bir böyük kimi əziz insan olub, hər zaman kömək əlini uzadıb. Bu məlumatlar bacısı, mənim xalam Nəzakət xanım və ailəsi tərəfindən verilib. Vaxtsız vəfatı həyat yoldaşı Həvva xanımı və bizləri sarsıdıb. Allah rəhmət eləsin. Qürur duyduğumuz dayımız, hər zaman yerin görünür.
Hazırladı: Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Azad oğlu Əhmədzadə
