Gündəm / İqtisadiyyat / Dünya
13:25, 24 May 2024
0

ABŞ Gürcüstana sanksiya tətbiq edəcək

ABŞ  Gürcüstana  sanksiya tətbiq  edəcək


ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan üçün viza məhdudiyyətlərinin tətbiq ediləcəyini, Vaşinqton və Tbilisi arasında ikitərəfli əməkdaşlığa yenidən baxıldığını açıqlayıb.
Globalpress.az xəbər verir ki, ABŞ-ın bu addımı Gürcüstanda xarici təsirin şəffaflığına dair qanunun qəbulu ilə bağlıdır.

O qeyd edib ki, Gürcüstanın hakim partiyasının qəbul etdiyi qanun söz və ifadə azadlığını əngəlləyəcək, birləşmə və fikir azadlığını boğacaq, Gürcüstan vətəndaşlarına xidmət edən təşkilatları ləkələyəcək, gürcülərin yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etməyə çalışan müstəqil mediaya mane olacaq.

Blinken Gürcüstan hökumətinin qanuna qarşı etirazları yatırmasını da pisləyib.

“Bu hərəkətlərə cavab olaraq, Dövlət Departamenti Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasəti tətbiq edir ki, bu siyasət Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, eləcə də onların ailə üzvlərinə şamil ediləcək. Bura zorakılıq və ya hədə-qorxu kampaniyası vasitəsilə Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq azadlığının boğulmasına cavabdeh olanlar daxildir”, – Blinken bildirib.

ABŞ dövlət katibi həmçinin ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığı əsaslı şəkildə yenidən nəzərdən keçirməyə başlayacağını açıqlayıb: “Biz ümid edirik ki, Gürcüstan liderləri qanun layihəsinə yenidən baxacaq və ölkələrinin demokratik və Avro-Atlantik istəklərinə nail olmaq üçün addımlar atacaq. Biz iki ölkə arasındakı münasibətləri nəzərdən keçirərkən, öz qərarlarımızı qəbul edərkən Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”.

Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də ölkə prezidenti Salome Zurabişvili qanuna veto qoyub. Bununla belə, Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etmək niyyətindədir.
Digər xəbərlər: