Gündəm / Hadisə / Dünya
Yaponiyada zəlzələ qurbanlarının sayı artıb

Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 236-ya, yaralıların sayı isə 1176-ya yüksəlib. Zərərçəkmiş binaların sayının 41 min 834 olduğu bildirilib.
Globalpress.az xəbər verir ki, yanvarın 1-də Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələdə zərərçəkənlər çox olub.
Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, təbii fəlakətdə həyatını itirənlərin sayı 236-ya yüksəlib. 1176 nəfərin yaralandığı açıqlanarkən, 14556 zəlzələ qurbanının 457 müvəqqəti sığınacaqda yerləşdirildiyi qeyd edilib.
Səlahiyyətlilər, zərər gördüyü təsbit edilən strukturların sayının 41 min 834 olduğunu açıqladı. Hokuriku Elektrik Dağıtım Şirkəti İşikava prefekturasının Noto bölgəsində təxminən 3900 ev təsərrüfatında elektrik kəsilməsinin olduğunu, İşikava prefekturasının müxtəlif yerlərində 44960 evdə su kəsilməsinin davam etdiyini qeyd edib.
Yanvarın 1-də Yaponiyanın İşikava əyalətində 7,6 bal gücündə zəlzələ baş verib və dağıntılara səbəb olan zəlzələ Toyama, Niiqata, Fukui və Gifu əyalətləri ilə yanaşı, paytaxt Tokio və ətraflarında da hiss olunub.
Sahil bölgələri üçün sunami xəbərdarlığı edilərkən, bəzi bölgələrdə hündürlüyü 1,2 metrə çatan sunami dalğaları müşahidə edilib. Zəlzələdən sonra minlərlə insan müvəqqəti sığınacaqlara köçürülüb.
Yaponiya Özünümüdafiə Qüvvələri (SDF), Yaponiya Sahil Mühafizə Qüvvələri (JCG) və polis qrupları da axtarış-xilasetmə işlərinə dəstək verib. Təbii fəlakətdən sonra elektrik və su təchizatının kəsilməsi bölgədə zəlzələdən zərərçəkənlərin həyatına mənfi təsir göstərib.