Gündəm / Cəmiyyət / Sosial
Prezident fərman imzalayıb

Azərbaycanda qeyri-filiz yataqları auksion, filiz yataqları müsabiqə qaydasında istifadəyə veriləcək
Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsinə dair yeni qaydalar müəyyənləşib.
Globalpress.az- ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Yer təkinin istifadəyə verilməsi üzrə hərraclar Mülki Məcəlləyə, qanuna və bu Qaydalara uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil edilir, auksion və ya müsabiqə formasında keçirilir.
Agentlik Fövqəladə Hallar Nazirliyinin hər il sentyabrın 15-dək növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına olan tələbatı barədə Nazirliyə təqdim etdiyi proqnoz məlumatlarını nəzərə almaqla, Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarına dair materialların təhlili əsasında növbəti il üçün hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hər il dekabrın 15-dək müəyyənləşdirir.
Siyahıda aşağıdakılar göstərilir:
- hərraca çıxarılması mümkün olan yer təki sahəsinin adı və yerləşdiyi ərazinin hüdudları (bundan sonra – hərrac predmeti);
- faydalı qazıntı yatağının dövlət qeydiyyat nömrəsi və tarixi;
- sənaye əhəmiyyəti barədə hər bir yataqda əsas və yanakı faydalı qazıntı ehtiyatının kəmiyyəti və keyfiyyəti (komponentlərin miqdarı);
- əsas və yanakı faydalı qazıntıların mühüm texniki xassələri;
- Nazirliyin elmi-texniki şurası tərəfindən təsdiq edilmiş faydalı qazıntı ehtiyatlarının həcmi;
- faydalı qazıntı ehtiyatlarının yerləşdiyi torpaq sahələrinin kateqoriyası, məqsədli təyinatı, istifadədə və ya icarədə olmasına dair məlumat, o cümlədən Qanunun 13-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq torpaq sahəsinin ayrılmasına dair razılıq;
- Nazirliyin elmi-texniki şurası tərəfindən təsdiq edilmiş ehtiyatların həcmi üzrə faydalı qazıntı yatağının geoloji-iqtisadi qiymətləndirilməsi (texniki-iqtisadi əsaslandırma və kondisiya məlumatları).
Agentlik hər il hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını, o cümlədən Qanuna müvafiq olaraq faydalı qazıntı yataqları yerləşən torpaq sahələrinin ayrılmasına dair torpaq sahiblərindən və aidiyyəti dövlət orqanlarından (qurumlarından) qabaqcadan alınmış razılığı bu hərrac komisiyasına təqdim edir.
Birbaşa danışıqlar yolu ilə istifadəyə verilmə halları istisna olmaqla, yer təki istifadəyə hərrac vasitəsilə verilir. Azərbaycan Respublikası ərazisində yerləşən qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə verilir. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
Qapalı müsabiqə aşağıdakı hallarda keçirilir:
- istifadəyə verilən yer təki sahəsinə dair geoloji informasiya məxfi hesab edildikdə;
- radioaktiv xammalın çıxarılması məqsədilə yer təki istifadəyə verildikdə;
- konversiya proqramını həyata keçirən müdafiə müəssisələri iştirakçı qismində çıxış etdikdə.