Gündəm / Siyasət / Dünya
Saakaşvilinin partiyası aksiya keçirib

Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasına və ölkələr arasında vizasız rejimə qarşı Tbilisi şəhərində etiraz aksiyası keçirilib.
Globalpress.az xəbər verir ki, aksiyanın təşkilatçıları Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri olub.
Müxalif təşkilatın nümayəndələri qeyd ediblər ki, uçuşların bərpası və vizaların ləğvi qərarı ilə Rusiya prezidenti Vladimir Putin “əslində Gürcüstanı özünün vilayəti elan edib”.
Gürcüstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında keçirilən aksiyada 50-yə yaxın insan iştirak edib. Mitinq iştirakçıları Rusiya hakimiyyətini və Gürcüstan rəhbərliyini tənqid edən plakatlar qaldırıblar.
Qeyd edək ki, mayın 10-da prezident V. Putin Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağanı aradan qaldırıb, həmçinin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Nəqliyyat Nazirliyi Rusiya aviaşirkətlərinin yerli istehsal olan təyyarələrlə həftədə Moskvadan Tbilisiyə və əks istiqamətdə yeddi birbaşa uçuş həyata keçirəcəyini bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili Vladimir Putinin qərarını təxribat adlandırıb. Onun fikrincə, Rusiyanın gürcülər üçün viza rejimini ləğv etməsi Ukraynadakı vəziyyətə görə qəbuledilməzdir. Eyni zamanda, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Rusiyanın vizaların ləğvi və uçuşların bərpası ilə bağlı qərarını dəstəkləyib.