Gündəm / Siyasət / Cəmiyyət
Milli Məclisdən Dünya azərbaycanlılarına müraciət
Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət ünvanlayıb.
Globalpress.az - ın məlumatına görə parlamentin müraciətini deputat Anar Məmmədov oxuyub.
Müraciətdə deyilir:
“Xalqımızın birlik əzmindən yaranan, milli-mənəvi bütövləşmə arzusunu, ümumxalq amallarına sədaqətini təcəssüm etdirən Dünya azərbaycanlılarının həmrəyliyi günündə hər birinizi ürəkdən salamlayırıq.
Bu gün Cənubi Qafqazın lider dövləti kimi bu bölgənin geosiyasi mənzərəsinin müəyyənləşməsində söz sahibi olan Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Son illərdə Azərbaycanın hərtərəfli və ardıcıl inkişafı, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurlar onun dünyadakı nüfuzunu daha da artırmışdır.
Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı ümumxalq mənafeləri naminə daha sıx birləşməyə, ümid və istinad yeri, ata-baba yurdları olan doğma Vətənin tərəqqisində fəal iştirak etməyə ruhlandırır. Son vaxtlar diaspor və icmalarımızın daha da inkişaf edib möhkəmlənməsi, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə yaxından cəlb olunmaları da sevindiricidir.
Azərbaycan Respublikasının dünyanın qabaqcıl və inkişaf etmiş ölkələri sırasında, azadlıq və firavanlıq şəraitində daim irəliləməsi xalqımızın birliyindən çox asılıdır. Bu birliyin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsi üçün görəcəyimiz işlər də az deyil.
Əziz həmvətənlərimiz! Dəyərli soydaşlarımız!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə daha sıx birliyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda fəal mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni 2022-ci ilin gəlişi münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza yeni qələbə sevincləri, nurlu sabahlar arzulayırıq!”