Gündəm / İqtisadiyyat / Sosial
Azərbaycanda əlillik təyinatının 7 yeni meyarı nəyi dəyişəcək?
Davud Rəhimli: “Yeni tətbiq edilən meyarlar əlillərin xeyrinə olacaq”
“2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq”. Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək: “Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək”.
Tətbiq olunacaq yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilməsi müsbətdir.
“Xəstəliklərin sayı indi 128-dən təxminən 4 dəfə artırılıb”
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Bakı-Xəbər”ə şərində bildirdi ki, tətbiq ediləcək yeni meyarlar əlilliyin təyin olunmasında bir sıra halların nəzərə alınmasına şərait yaradacaq. Bütün hallarda yeni meyarların xəstələrin xeyrinə olduğunu qeyd edən D.Rəhimlinin sözlərinə görə, əlilliyin təyin olunması meyarlarına daxil olan diaqnozlu xəstəliklərin sayı artırılıb. “Eyni zamanda əlilliyin təyin olunması qruplar üzrə deyil, orqanizmin hər hansı bir hissəsinin funksiyasının məhdudluğu ilə qiymətləndiriləcək. Yəni əvvəllər qoyulan diaqnoza baxılırdı və ona uyğun I, II, III qrup əlillik təyin olunurdu. Bir çox hallarda da qruplar arasında fərqi müəyyən etmək olmurdu. Qruplar arasında çətinliklər əmələ gəlirdi. Amma tətbiq ediləcək yeni meyarlarda belə olmayacaq. İndi isə orqanizmin funksiyasının itirilmə faizinin 31 faizdən 60 faizə qədər olanı III qrupa aid ediləcək. Sonra 61 faizdən 80 faizə qədər olan artıq II qrup olacaq. Orada orqanizmin funksiyasının məhdudluğunu göstərən diapazonlar var. Bu dipozonlar isə Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlarda göstərilən xəstəliklər yeni qaydalarla tənzimlənəcək. Orqanizmin funksiyasının məhdudluğu 80 - 100 faiz olanda isə artıq I qrupdur. Yeni meyarların tətbiq olunmasında indiyə qədər nəzərə alınmayan başqa bir məsələ də nəzərə alınacaq. Əvəllər insanda hər hansı bir diqonoz üzrə əlillik verilirdisə, indi insanda olan digər dioqnozlar da əlilliyin təyin olunmasında nəzərə alınacaq. Bu amilə də diqqət yetiriləcək. İnsanda eyni zamanda bir neçə xəstəlik olanda diqnoz üzrə onun ən ağırı götürüləcək. Yeni tətbiq edilən ediləcək meyarlar əlillərin xeyrinə olacaq. Digər xəstəliyə də baxılaraq onun üzərinə 10 faiz əlavə olunacaq. Əgər bir insanda orqanizmin funksiyasının məhdudluğu 55 faizdirsə ona III dərəcə düşür, amma digər xəstəliyinə görə bunun üstünə 10 faiz də gəlinəcək və toplam 65 faiz olacaq və nəticədə də o şəxsə III deyil, II qrup təyin ediləcək. Bu fərqlər var. Nazirlər Kabinetinin əlilliyin təyin olunması meyarlarına görə xəstəliklərin sayı indi 128-dən təxminən 4 dəfə artırılıb. Müxtəlif xəstəliklər ki, var əvvəllər nəzərə alınmırdı, onlar da nəzərə alınacaq”.
D.Rəhimli qeyd etdi ki, yeni meyarların tətbiq edilməsi əlilliyin təyin edilməsinə baxışda dəyişikliyə səbəb olacaq. Qurum rəhbərinin sözlərinə görə, artıq insanlar biləcəklər ki, əlillik orqanizmin funksiyanın çatışmazlığına görə verilir. Bu meyarların müsbət tərəflərinin olduğunu vurğulayan D.Rəhimli dedi ki, əvvəl bir xəstəlik nəzərə alınırdı, indi xəstədə olan digər xəstəliklər də nəzərə alınacaq: “Bunun bir cəhəti odur ki, ən ağır xəstəlik əsas kimi götürüləcək, əlillik buna görə təyin olunacaq. Həm insanlar üçün əlilliyin təyin olunması asanlaşacaq, həm də qruplar arasında fərqin təyin olunması problemi aradan qalxacaq”.