Gündəm / Siyasət / İqtisadiyyat
vPrezidentdən planlarla bağlı - Açıqlama
Prezidentdən planlarla bağlı
“Bu ilin sonuna qədər görüləcək bəzi işlər haqqında danışmalıyıq. Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım olacaq”.
Globalpress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər:
“Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki, yerlərdən gələn təkliflərə üstünlük verilir.
O ki qaldı, Qarabağ və Şərqi Zəngəzurdakı işlərə, orada hələ ki, heç kim yaşamır. Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik.
Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək.
Bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarımı bir daha vermək istəyirəm. Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır.
Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur.
Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir.
Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.
Daha çox xəbər:

Prezidentdən Ermənistana daha bir - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq

İlham Əliyev: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”

Prezident Laçından yan keçən alternativ yoldan danışdı

İlham Əliyev: “Dövlət təşkilatlarının cari xərcləri şişirdilir”