Gündəm / Siyasət / Cəmiyyət
14:52, 12 Ocak 2024
0

Prezident seçkilərində medianın rolu

Prezident seçkilərində  medianın rolu


Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.
Globalpress.az xəbər verir ki, media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak edib.

Seminarda çıxış edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacib olduğunu deyib.

MSK-nın üzvü İlkin Şahbazov seminarda çıxış edərək, seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb.

MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli isə seminarda seçki günü prosedurları ilə bağlı məlumat verib:

“Prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdir”.

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib
Digər xəbərlər: