Gündəm / İqtisadiyyat / Dünya
AK və Aİ Rusiyaya sanksiya tətbiq edir

Avropa Komissiyası (AK) komissiyanın və Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsinin Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı təkliflərini qəbul edərək, baxılması üçün bloka üzv ölkələrə göndərib. Komissiya ümid edir ki, məhdudiyyətlər mümkün qədər tez təsdiqlənəcək.
Globalpress.az xəbər verir ki, yeni sanksiyalar, digər məsələlərlə yanaşı, Rusiyanın Avropaya və tərəfdaş ölkələrə almaz ixracından əldə etdiyi gəliri azaltmağa yönəlib.
Məlumata görə, sanksiyalar paketi yaradılarkən komissiya Böyük Yeddilikdəki (G7) tərəfdaşlarla sıx əməkdaşlıq edəcək.
“Bloomberg” xəbər verir ki, yeni məhdudiyyətlər Rusiyadan almaz, mayeləşdirilmiş propan (istilik üçün və nəqliyyat üçün yanacaq kimi istifadə olunur), mis məftil, alüminium məftil və folqa, həmçinin neftin tədarükünə təsir göstərəcək.
Avropa İttifaqı, həmçinin Rusiyaya dəzgahlar, kimyəvi maddələr, litium batareyaları və ölkənin Ukraynadakı döyüş əməliyyatlarında istifadə edə biləcəyi PUA-lar üçün mühərriklərin tədarükünü məhdudlaşdırmağı planlaşdırır.
Hesablamalara görə, yeni sanksiyalar Rusiyanın ticarət dövriyyəsinə təxminən 5 milyard avro (5,3 milyard dollar) zərər vuracaq.