Gündəm / Siyasət / Dünya
Qəzza zolağında yüz minlərlə şəxs evini tərk edib

İsrail və "HƏMAS" silahlıları arasındakı qarşıdurmalar nəticəsində Qəzza zolağında 423 mindən çox mülkü şəxs evini tərk etmək məcburiyyətində qalıb.
Globalpress.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) məlumatına görə, məcburi köçkünlərin 2/3-dən çoxu nisbətən təhlükəsiz ərazilərdəki məktəblərə sığınıblar.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Israilin əks hava hücumları nəticəsində həyatını itirənlərin sayı 1500-ü, yaralıların sayı isə 6600 nəfəri ötüb. İsrail tərəfi isə "HƏMAS" silahlılarının ani hücmu nəticəsində 1300-dən çox vətəndaşının öldüyünü, 3300 yaralının olduğunu qeyd edib. Hər iki tərəfdən həyatını itirənlər arasında çox sayda mülkü şəxs var.
Qeyd edək ki, 7 oktyabr səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. "HƏMAS" silahlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.