Gündəm / Siyasət / Dünya
Rusiya şərtlərini açıqlayıb

"Taxıl dəhlizi"nin işləməməsi normal şərtlərdə Rusiyanın özünə də ciddi zərər vurur
Globalpress.az xəbər verir ki, Rusiya "Taxıl sazişi"nin bərpası üçün şərtlərini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, bu, yalnız Moskvanın tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür. Onun sözlərinə görə, Moskvanın mövqeyi dəyişməz qalır: "Rosselxozbank"ı SWIFT-ə yenidən qoşmaq, ehtiyat hissələrinin tədarükünü bərpa etmək, nəqliyyat logistikasını və sığortanı qurmaq. Yalnız bundan sonra Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq imkanlarına yenidən baxmaq mümkündür”.
Qeyd edək ki, Rusiyanın “Taxıl sazişi”ndən birtərəfli çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi də yaradıb. ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, taxıl dəhlizinin bağlanması fonunda Rusiyanın altı Afrika ölkəsinə vəd etdiyi pulsuz taxıl kifayət etməyəcək. Blinken bildirib ki, taxıl dəhlizinin fəaliyyəti zamanı 20 milyon ton taxıl ixrac edilib və Rusiyanın hazırkı təklifi yalnız 50 min tondur: “Rusiyanın vəd etdiyi dəryada bir damladır. Bu, problemi həll etmir, taxılın bahalaşmasının qarşısını almayacaq”.
Cənubi Afrika Respublikası da “Taxıl sazişi”nin bərpa olunması üçün Rusiyaya çağırış edib. Ölkənin xarici işlər naziri Naledi Pandor bildirib ki, Rusiyanı danışıqlara qayıtmağın zəruriliyinə inandırmağa çalışırlar. Məlumat üçün bildirək ki, sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin uzadılması ilə bağlı Rusiya rəhbəri Vladimir Putinlə danışacağını bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.