Gündəm / Cəmiyyət / Sosial
19:00, 04 Nisan 2023
0

İnam Kərimov kimdir? Dosye

İnam Kərimov  kimdir?   Dosye


İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin digər sərəncamı ilə İnam Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Globalpress.az İ.Kərimovun dosyesini təqdim edir:

İnam İmdad oğlu Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.

O, 1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında “Richmond High School”da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.

İ.Kərimov 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

O, 2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.

Sədr ingilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.
Digər xəbərlər: